SƏNƏTİN TƏŞƏKKÜLÜ
Əsrlər boyu insanlar özlərini rahatlıqla və ən əsası, həyat üçün münasib və yaraşıqlı məkanla əhatə etməyə çalışıblar. Parketin tarixi 3000 il bundan əvvəlki dövrə şamil edilir — məhz o zamanlar insanlar yaşadıqları məskənlərini ən primitiv üsullarla taxta tirləri ilə döşəyirdilər. Bu da əsassız deyildi — taxta döşəmə istilik izolyasiyası, möhkəmlik, emalın rahatlığı, gözəl görünüş və digər əhəmiyyətli üstünlüklərə malikdir. XIII-XIV əsrlərdə zadəganların evlərində olan döşəmələrin taxta parçaları ilə örtülməsi döşəmə qurulmasını sürətlə əsl incəsənətə çevirirdi. Bu cür döşəmənin qurulması üçün müxtəlif ağac cinslərindən əldə olunan və orijinallıqla seçilən taxta parçalarını istifadə edirdilər. Bu da öz növbəsində döşəmədə hər cür rəsm və naxışların yaranmasına səbəb olurdu. Sadalanan amillər bu sahənin inkişafına və Avropada parket döşəmələrə olan dəbin yayılmasına yol açdı.
“Parket” sözü fransız mənşəlidir və “parquet” sözündən yaranıb. Əvvəllər bu sözlə kiçik parkı xatırladan yeri nəzərdə tuturdular, sonradan isə bu sözlə xalça ilə örtülmüş qəbul və görüşlər üçün nəzərdə tutulan zalın hissəsini adlandırırdılar.
Zaman keçdikcə xalçalar yığışdırılır və “parket” sözü gözəl taxta lövhəcikləri ilə qurulmuş döşəməyə təhkim olunur. XVII-XVIII əsrlərdə inkişaf zirvəsinə çatan parket quruculuğu sənəti yeni bir səviyyəyə yüksəlir.

Tanınmış ustalar nadir və seçmə ağac oduncaqlarından müxtəlif görünüş və üsluba malik olan əzəmətli parket döşəmələrini yaradır, mozaika və mənzərəli ornamentin əlavə edilməsi isə bədii parket kimi zərif sənətin inkişafına böyük təkan verir. Bu dövrdə parket örtüyü qəsrlərin, saray zallarının, imarətlərin və zadəganların evlərinin vacib və ayrılmaz hissəsinə çevrilir. Beləliklə, qala funksiyalarını yerinə yetirən tutqun və qaranlıq qəsrlər təmtəraqlı interyerə malik olan möhtəşəm saraylara çevrilməyə başladılar. Zaman dolandıqca, parket sənəti daha da dərinləşirdi və şaxələnirdi. Buna şərait yaradan amillər arasında bir neçəsini qeyd etmək vacibdir: yeni ağac cinslərinin istifadəsi, o cümlədən, uzaq diyarlardan gətirilən ekzotik ağac növləri, eləcə də parket istehsalı və quraşdırılması texnologiyasının təkmilləşdirilməsi və həmçinin ustaların səriştəsinin yüksəlməsi.
Daha sonra, iqtisadi və mədəni əlaqələr inkişaf etdikcə, parket döşəmələrinə olan dəb və tələbat şərq ölkələrinə də gəlib çatır. Bu döşəmə növü xalça örtükləri ilə yanaşı böyük marağa səbəb olur. Azərbaycanda parket döşəmələrin yayılması bu ərazilərin Rusiya İmperiyasının tərkibində olduğu zamanı əhatə edir. Zəngin ailələrin evləri ilə yanaşı, parket döşəmələri Bakıda fəaliyyət göstərən çoxsaylı şirkətlərin ofislərində böyük maraqla qarşılanırdı. Bunların içərisində ən məşhur “Nobel qardaşları yoldaşlığı” və həmçinin əfsanəvi azərbaycanlı milyonçuların malikanə və ofislərində fəallıqla tətbiq edilirdi.

Sovet hakimiyyəti dövründə parket döşəməsi daha geniş yayılmağa başladı. Həmin zamanlar parket döşəməsi əhalinin əksər hissəsi üçün əlçatan oldu; bu cür döşəmə dövlət idarələri və xüsusən tədris müəssisələrində daha çox istifadə olunurdu.
Müasir dövrdə parket döşəmələrinin istehsal, quraşdırılma və tərtibatı texnologiyaları olduqca yüksək səviyyəyə ucalmağa müvəffəq olub. Bu sənət növünün ümumi təsəvvürü və konsepsiyası təkmilləşib və müasirləşdirilib və bununla bərabər, müxtəlif oduncaq növlərinin, o cümlədən, ekzotik növlərinin, tətbiqi üzrə yeni ideyalar yaranıb. Əlavə onu da qeyd etmək vacibdir ki, nəhəng tərəqqi dizaynın inkişafında, o cümlədən, müxtəlif elementlərin, rəng və çalarlar ahənginin uyğunlaşdırması təcrübəsinin artırılmasında müşahidə olunur. Bu da öz növbəsində, yer örtüklərinin yeni növlərinin, məsələn, terras lövhəsi, bambuk və modul parketi və digərlərinin yaranması və inkişafına təkan verdi. Yəni bu gün hər bir kəs zövqünə və imkanına uyğun olaraq istənilən döşəmə növünü seçə bilər — bu sahədə mövcud olan çeşidlərin sayı hədsiz-hüdudsuzdur. Bundan savayı, bədii parket də, orta əsrlərdə olduğu kimi, çox böyük tələbata malikdir. Bu parket növü müxtəlif saray, teatr və opera binalarında, dövlət başçılarının iqamətgahlarında, məşhur auksion evlərində və s. məkanların interyerlərinin tərtibatı zaman olduqca geniş tətbiq edilir.
Parket.Az şirkəti öz çeşidlərinin yenilənməsi və təkmilləşdirilməsi üzrə yeni ideyaların daimi axtarışındadır. Bu gün bizim sərgi salonlarımızda dünyanın aparıcı istehsalçılarının hazırladıqları keyfiyyətli parketin çoxsaylı nümunələri Sizin üçün təqdim olunub. Bizdə əldə edilən parket Sizin interyerinizdə mükəmməl və təkrarolunmaz mühitin yaradılması ilə yanaşı, onu hökmən səliqə və mənəvi rahatlıqla dolduracaq!