“Cismlərin həqiqi mahiyyətini dərk edən üçün sadə yaşıl ağac qızıl və ya gümüşdən olan ağacdan daha böyük möcüzədir”.
Martin Lüter
Ağac — ən qədim zamanlardan insanların istifadə etdikləri ən mühüm materiallardan biridir. Bu həddindən artıq qiymətli təbii material insanın müxtəlif təsərrüfat fəaliyyəti sahələrində olduqca möhkəm yeri tutur. İnsanlar yaşadıqları məskənin tikintisi və quruluşunda, mebel və bəzək məmulatlarının və hədsiz sayda digər əşyaların hazırlanmasında minilliklərlə bu əhəmiyyətli materialdan istifadə edir. Ağac oduncağının müxtəlif istehsal sahələrindəki məşhurluğunu və tətbiqinin miqyasını ayrıca qeyd etmək vacibdir. Öz görkəmli xüsusiyyətləri sayəsində, bu material son dərəcədə yüksək sayda müxtəlif sahələrdə istifadə edilir. Bunlardan bəzilərini qeyd etmək lazımdır: maşın-, gəmi-, vaqon- və cihazqayırma, sellüloz-kağız və xarrat-mebel sənayesində, hidrotexniki tikililərin qurulmasında, dəmiryol şpallarının quraşdırılmasında, oyuncaq, musiqi alətləri, müxtəlif silah növlərinin və təsvir edilə bilməyən sayda digər əşyaların və məmulatların istehsalında olduqca geniş istifadə olunur. Və müasir innovativ materialların yaranması və sürətli inkişafına baxmayaraq, təbii oduncaq əvvəlki kimi nəhəng tələbata malikdir.

Oduncağın xammala çevrilməsi prosesində ən vacib məsələlərdən biri, ilk növbədə, kəsilmiş ağac gövdəsinin düzgün emalıdır, yəni — oduncağın mişarlanması və yonulması. Həmçinin, hazır materialın keyfiyyəti bir neçə amildən asılıdır. Bunların arasında: oduncağın cinsi, onun keyfiyyəti, xarratların peşəkarlıq səviyyəsi, hazır məmulatların istehsalı texnologiyasına riayət edilməsi və s. Ağacın mişarlanması — qiymətli təbii sərvətin xammal şəklinə salınması prosesidir. Mişarlanmanın müxtəlif üsulları mövcuddur. Bunların nəticəsində ayrı-ayrı ölçüyə malik və cürbəcür sahələrdə (məsələn, təsərrüfat, texniki, sənaye və s.), tələb olunan material əmələ gəlir. Effektiv nəticəyə nail olmaq üçün bir neçə vacib amili nəzərə almaq lazımdır. Bunların arasında, məsələn: ağacın keyfiyyəti, onun forması, həcmi, nəmlik səviyyəsi və digər təbii xüsusiyyətləri və eləcə də düzgün seçilmiş mişarlanma üsuludur. Bir qayda olaraq, mişarlanmaya başlamazdan öncə tirlər öz səciyyəvi xüsusiyyətlərinə uyğun olaraq çeşidlənir və bundan sonra mişarlanma prosesi başlayır. Tirlərin lövhələrə mişarlanması bir neçə üsulla həyata keçirilir, lakin onlardan ikisi daha məşhurdur, bunlar — radial və tangensial mişarlanma üsullarıdır.
Radial mişarlanma zamanı kəsim mehvəri gövdənin özəyindən keçir. Bu mişarlanma üsulu nəticəsində lövhələrin oduncaqları rəng və tekstura üzrə kifayət qədər eyni tipli olur. Bu isə incə naxışların yaranmasına və xammalın bərkliyinin yüksəlməsinə səbəb olur. Bu mişarlanma üsulu ilə əmələ gələn lövhələr xarici təsirlərə, ilk növbədə, rütubətə, qarşı yüksək müqavimətlə, eləcə də öz dayanıqlığı və deformasiyaya çox nadir hallarda uğraması ilə fərqlənir. Eyni zamanda, bütün bu göstəricilərin sayəsində radial mişarlanma üsulu ilə hazırlanan lövhələr öz məlum fiziki-mexaniki və istismar xüsusiyyətləri ilə fərqlənir. Lakin bu üsulla əldə olunan lövhələrin qiyməti də adətən daha yüksək olur, çünki alınan faydalı məhsulun orta əmsalı kiçikdir və cəmi 10-15% təşkil edir.
Tangensial mişarlanma zamanı kəsim səthi özəkdən aralı, gövdənin illik halqalarının cizgilərinə doğru toxunma xətti ilə keçir. Bu mişarlanma üsulu ilə hazırlanan lövhələrin oduncağı illik halqaların çoxlu sayda dalğayabənzər naxışları və əzəmətli tekstura ilə fərqlənir. Bu üsulla istehsal edilən lövhələr rütubətə qarşı dözümlükdə bir qədər radial üsulla istehsal edilən lövhələrdən geriyə qalır. Lakin alınan faydalı məhsulun orta əmsalının daha yüksək olması, qiymətləri də aşağı salır. Bu cür lövhələr geniş yayılıb və dəbdəbəli interyerin qurulmasında müvəffəqiyyətlə istifadə olunur.

Ağac oduncağının heyranedici keyfiyyətləri səbəbindən, müasir dünyada meşə və ağac emalı sənayesində çoxlu sayda şirkət fəaliyyət göstərir. Ən qabaqçıl avadanlıqlarla təchiz edilmiş bu şirkətlər müxtəlif məhsulların həqiqətən nəhəng çeşidlərini istehsal edirlər.
Sonda onu qeyd etmək lazımdır ki, insan öz fəaliyyətində çox nadir hallarda ağacsız keçinə bilər — təbiətin bu cür gözəl, valehedici və misli-bərabəri olmayan sovqatının universallığı, dözümlüyü və çoxlu sayda digər üstünlükləri onu bəşəriyyət üçün müqayisə edilməz dərəcədə əhəmiyyətli sərvətə çevirib!
